Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatında ardıcıl ikinci qələbələrini qazanıblar.
Açıq turnirin ikinci turunda Xaqan Əhməd perulu Fabian Rikardo Reyes Zavaletanı məğlub edib. Qızların yarışında çıxış edən Lalə Hüseynova isə paraqvaylı Renata Valentina Mayereqqer Qonsalesə qalib gəlib.
İki turun yekununda hər iki şahmatçının aktivində iki xal var. Əlavə göstəricilərə görə Xaqan dördüncü, Lalə isə yeddinci pillədə qərarlaşıb.
Üçüncü turda Xaqanın rəqibi belçikalı Amir Zuaqi, Lalənin rəqibi isə FIDE bayrağı altında çıxış edən Diana Xafizova olacaq. İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatına noyabrın 27-də yekun vurulacaq.
Kontekst
Noyabrın 20-də Xaqan Əhməd və Lalə Hüseynova turnirin ilk turunda qələbə qazanıblar. Xaqan Venesuela təmsilçisi Kristian Qabriel Allen Leydensə, Lalə isə litvalı Smilte Tsibulskiteni məğlub edib.