Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək idmançılar arasında dünya çempionatının turnir cədvəlində ikinci pilləyə yüksəlib. Noyabrın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə VII və VIII turlar oynanılıb.
VII turda Əhməd yarışın lideri, hindistanlı Etn Vazla heç-heçə edib və rəqibinin ardıcıl altı qələbəlik seriyasına son qoyub. VIII turda isə Azərbaycan şahmatçısı qara fiqurlarla çinli Çjou Junyini məğlub edib.
Əhməd 6,5 xalla ikinci yerdədir və lider Etn Vazdan bir xal geri qalır. 15 yaşlı şahmatçı yarışın ən gənc iştirakçılarından biridir. O, indiyədək beş qələbə qazanıb, üç dəfə heç-heçə edib və məğlub olmayıb.
Qadınların yarışında Lalə Hüseynova VII turda 2023-cü ilin 20 yaşadək şahmatçılar arasında dünya çempionu, argentinalı Kandela Fransiskonu məğlub edib. VIII turda FIDE bayrağı altında çıxış edən Qalina Mixeyeva ilə heç-heçə edən Hüseynova 5,5 xalla yeddinci pillədə qərarlaşıb. O, üçüncü yerdəki şahmatçıdan yarım xal geri qalır.
IX turda Xaqan Əhməd 6 xalla üçüncü yerdə olan Erdem Xubukşanovla, Lalə Hüseynova isə Yana Japova ilə qarşılaşacaq. Hər iki rəqib FIDE bayrağı altında çıxış edir. Tur noyabrın 25-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və noyabrın 27-də başa çatacaq.
Kontekst
2026-cı il noyabrın 21-də Xaqan Əhməd və Lalə Hüseynova Karakasda keçirilən dünya çempionatında ikinci qələbələrini qazanıblar.