“Son turlarda həm “Turan Tovuz”, həm də “Kəpəz” oyunu və qazandığı nəticələrlə azarkeşlərini sevindirir”. Bunu Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək Qərb derbisi ilə bağlı danışarkən deyib.
Rzayev hər iki komandanın son çıxışlarını dəyərləndirib. Onun sözlərinə görə, “Turan Tovuz” mövsümün əvvəlindən fərqli olaraq hazırda daha yaxşı təsir bağışlayır və Kurban Berdıyevin komandası yüksəlişdədir. Veteran futbolçu matçın nəticəsi ilə bağlı proqnoz verməyin çətin olduğunu, azarkeşlərin maraqlı mübarizə izləyəcəyini bildirib.
Hər iki klubda çıxış etmiş Rzayev komandaları bir-birindən fərqləndirmək istəmədiyini vurğulayıb. Bununla belə, qarşılaşmanın Tovuzda keçirilməsinin doğma meydan və azarkeş amilinə görə “Turan Tovuz”a müəyyən üstünlük verə biləcəyini deyib. O, hər iki komandanın azarkeşlərini yüksək qiymətləndirərək onların daim klublarının yanında olduğunu qeyd edib.
Rzayev turun mərkəzi görüşünün “Neftçi” – “Zirə” matçı olmasına baxmayaraq, Qərb derbisinin də həmişə xüsusi maraq doğurduğunu və diqqət mərkəzində olduğunu bildirib. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma bu gün saat 16:30-da başlayacaq.