Misli Premyer Liqasının XII turunda “Kəpəz”lə qarşılaşma Qurban Qurbanov üçün əlamətdar olub. “Qarabağ”ın baş məşqçisi bu oyunda karyerasının 900-cü, Ağdam klubundakı 850-ci matçına çıxıb.
Qurbanov “Qarabağ”dan başqa “Neftçi”də 38, Azərbaycan millisində isə 12 oyunda baş məşqçi olub. Karyerasındakı 900 görüşün 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda keçirilib. Komandaları bu qarşılaşmalarda 520 qələbə qazanıb, 208 dəfə heç-heçə edib və 172 məğlubiyyətlə üzləşib.
“Qarabağ”dakı 850 matçın 570-i Premyer Liqada, 80-i kubokda, 200-ü qitə kuboklarında olub. Bu görüşlərdə komanda 491 qələbə qazanıb, 197 heç-heçə edib və 162 dəfə uduzub.
İki turdan sonra Qurbanov Premyer Liqada 600-cü matçına çıxacaq. Onun həm baş məşqçi karyerasında, həm də “Qarabağ”da debütü bu turnirdə olub. 2006-cı il avqustun 6-da “Neftçi”nin baş məşqçisi kimi “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesablı qələbə qazanıb. 2008-ci il avqustun 9-da isə “Bakılı” ilə səfər matçında 2:1 hesabı ilə qalib gələrək “Qarabağ”ı ilk dəfə meydana çıxarıb.