“Qarabağ” qış transfer pəncərəsində daha bir futbolçusu ilə yollarını ayıra bilər. Sport24-ə istinadən yayılan məlumata görə, Pedro Bikalyonun Ağdam klubundan ayrılmaq ehtimalı var.
Klubla 2029-cu ilin yayınadək müqaviləsi olan braziliyalı yarımmüdafiəçi ölkəsinə qayıda bilər. İlin əvvəlində Braziliyanın “Botafoqo” klubu 25 yaşlı futbolçu üçün 1,5 milyon dollar təklif edib, lakin “Qarabağ” bu məbləği qəbul etməyib.
Hazırda Bikalyoya Macarıstanın “Ferentsvaroş” klubu da maraq göstərir. UEFA Avropa Liqasının əsas mərhələsində ilk dörd oyununun hamısında qalib gələn Macarıstan təmsilçisi qış transfer pəncərəsində “Qarabağ”a müraciət etmək niyyətindədir.
Ağdam klubunun rəhbərliyi gözlədiyi məbləğdə təklif alacağı təqdirdə Bikalyonun satışına qarşı deyil. Komandanın digər futbolçusu Marko Yankoviçin də ayrılacağı gözlənilir.
Pedro Bikalyo 2025-ci ildən “Qarabağ”da çıxış edir. O, komandanın 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasındakı uğurlu çıxışında əsas pay sahiblərindən biri olub.