“Qarabağ”ın futbolçusu Marko Yankoviç karyerasını Ağdam klubunda davam etdirməmək qərarına gəlib. Sport24.az-ın məlumatına görə, monteneqrolu yarımmüdafiəçi klubla yeni müqavilə barədə danışıqları dayandırıb.
Yankoviç qış transfer pəncərəsində də “Qarabağ”dan ayrılmağı planlaşdırır. Klub rəhbərliyi uyğun təklif alacağı təqdirdə futbolçunun satışını nəzərdən keçirəcək. Onun hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.
Yarımmüdafiəçi ilə Monteneqro, Türkiyə və Bolqarıstandan olan klublar maraqlanır. Yankoviç 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.
Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər matçı zamanı Yankoviç komanda yoldaşı Mateus Silva ilə mübahisə edib. Baş məşqçi Qurban Qurbanov həmin oyunun fasiləsində hər iki futbolçunu əvəzləyib, növbəti turda “Turan Tovuz”la qarşılaşmada isə meydana buraxmayıb.