Azərbaycan İdman Akademiyası (ASA) “Quacquarelli Symonds” (QS) təşkilatının keçirdiyi “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza layiq görülüb.
Akademiya audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib. Onlardan 5-də 5 ulduz, digər 4-də isə 4 ulduz alıb.
Tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik, eləcə də səmərəli idarəetmə kateqoriyalarında ASA 5 ulduz qazanıb.
Akademiya bu nəticəni əldə edən dünyada ilk idman profilli ali təhsil müəssisəsi olub.
“QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən sistemlərdən biridir. Sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyənləşdirir və onların dünya miqyasında tanınmasına töhfə verir.