“Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiç Türkiyənin “Trabzonspor” komandası üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Serbiyalı mütəxəssis mətbuat konfransında bütün azərbaycanlıları və basketbolçularını təbrik edib. O, azarkeşlərin komandaları ilə qürur duymalı olduğunu deyib.
“Bütün azərbaycanlıları təbrik edirəm. Onlar komandaları ilə qürur duymalıdırlar. Bütün basketbolçularımı da təbrik edirəm. Çox ciddi komandayıq və böyük işlər görürük. Bu qələbə bizim üçün çox xoş hisslər yaradır”.
Spasiç rəqibin təhlilinə və qarşılaşmaya hazırlığa da toxunub. Baş məşqçi komandanın inkişafı üçün hər oyundan sonra çatışmazlıqlar üzərində çalışdıqlarını bildirib və məşqçilər heyətinə təşəkkür edib.
“Hər oyundan sonra çatışmazlıqlarımız üzərində çalışırıq. Bu yolu keçərək böyüyüb inkişaf edirik. Düzdür, vaxtımız çox olmur, lakin “Trabzonspor”u təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri işə görə məşqçilər heyətimizə təşəkkür edirəm”.