Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti qarşılaşması 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində baş tuta bilər. “Agent MMA” portalı həmin gün keçiriləcək “UFC Fight Night” turnirində Fiziyevin fransalı Salahdin Parnasla döyüşünü mümkün variantlardan biri kimi təqdim edib.
Turnirin Dallasdakı “American Airlines Center” arenasında keçirilməsi planlaşdırılır. Fiziyevlə Parnas arasında döyüşün təşkili barədə rəsmi məlumat yayılmayıb, tərəflərin danışıqlar apardığı da təsdiqlənməyib.
Döyüşçülərin son qarşılaşmaları
28 yaşlı Parnas əvvəllər Polşanın KSW təşkilatında yarım yüngül və yüngül çəkilərdə çempion olub. O, sentyabrda UFC-də debüt edərək yeni zelandiyalı Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.
Fiziyev sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirilən UFC turnirində keçirib. O, meksikalı Manuel Torresi ikinci raundda nokautla üstələyib.
Fiziyev idman mediası nümayəndələrinin səsverməsi ilə hazırlanan UFC-nin rəsmi reytinqində 11-ci, statistik göstəricilərin alqoritmlərlə təhlilinə əsaslanan “Meta UFC Rankings”də isə 13-cü yerdədir. Parnas yüngül çəki üzrə media reytinqində 9-cu pillədə qərarlaşıb, lakin “Meta UFC Rankings”in ilk 15-liyinə düşməyib.
Sentyabrda ABŞ-nin “MMA Mania” nəşri də Fiziyevi Parnas üçün mümkün rəqiblərdən biri kimi göstərmişdi.