Polşa Prezidenti Administrasiyasının rəhbəri Zbignev Boqutski Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsini təklif edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Boqutski bu barədə sosial şəbəkə hesabında Polşanın Baş naziri Donald Tuska müraciət edərək bildirib.
Məlumata görə, Boqutski Tuskdan bu məsələdə “cəsarətli addım” atmağı və müvafiq qərarı imzalamağı tələb edib. O qeyd edib ki, baş nazir öz vəzifə borcunu yerinə yetirməlidir.
Bildirilib ki, bu təşəbbüs Polşa və Ukrayna arasında tarixi məsələlərlə bağlı fikir ayrılıqları fonunda irəli sürülüb. Daha əvvəl Polşa Milli Xatirə İnstitutunun rəhbəri Karol Navrotski də Zelenskinin sözügedən ordenlə təltif olunmasına qarşı çıxmışdı. Buna səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) döyüşçülərinin adının verilməsi göstərilmişdi.
Navrotski bildirib ki, belə qərar Polşanın ali dövlət mükafatının nüfuzunu və dəyərini qorumaq məqsədi daşıyır.
Qeyd olunur ki, Zbignev Boqutski özü də Ukrayna tərəfinin tənqidinə məruz qalıb. Məlumata görə, onun adı Ukraynada fəaliyyət göstərən “Mirotvorets” bazasına daxil edilib və siyasətçi Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətdə ittiham olunub.