Pentaqon Yaxın Şərqə üç iri desant gəmisi və ABŞ Dəniz Piyadalarının 13-cü Ekspedisiya Korpusunun 2 mindən çox hərbçisindən ibarət daha bir desant qrupu göndərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, "USS Makin Island" universal desant gəmisinin rəhbərlik etdiyi qrup sentyabrın 28-də ABŞ Hərbi Dəniz Qüvvələrinin San-Dieqo bazasından yola düşüb.
Hazırda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqdə sərəncamında "USS Boxer" universal desant gəmisinin rəhbərlik etdiyi daha bir desant qrupu var. Bu qrup iri desant gəmilərindən və dəniz piyadalarının ekspedisiya batalyonundan ibarətdir.
ABŞ rəsmiləri həmçinin Pentaqonun Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərdiyini təsdiqləyiblər. "Theodore Roosevelt" aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola çıxıb və aviadaşıyıcı zərbə qrupu ilə birlikdə regiona doğru hərəkət edir.
Hazırda Yaxın Şərqdə iki ABŞ aviadaşıyıcısı - "George Bush" və "George Washington" yerləşir. Məlumata görə, "George Washington" regionu tərk edərək Yaponiyadakı daimi bazasına qayıda bilər. Bu halda bölgədəki ABŞ aviadaşıyıcılarının sayı ikiyə enəcək.
Qəzetin mənbələrinin bildirdiyinə görə, bütün gəmilərin noyabrın sonunadək regiona çatması gözlənilir.
Ağ Ev və Pentaqon nümayəndələri nəşrin şərh sorğusuna cavab verməyiblər.