Son 24 saat ərzində Hörmüz boğazından icazəsiz cənub marşrutu ilə keçən üç neft tankerində partlayış baş verib və yanğın başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, gəmilərin heyət üzvləri boğazın cənub sahilləri yaxınlığında gəmiləri tərk ediblər.
Qeyd olunub ki, gəmilər bütün radar və naviqasiya sistemlərini söndürüblər.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanlığının xəbərdarlıqlarına məhəl qoymayan tankerlər icazəsiz cənub marşrutu ilə Hörmüz boğazından çıxmağa cəhd ediblər. Hərəkət zamanı onlar dəniz minalarına düşərək partlayıblar.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanlığı Hörmüz boğazından keçən icazəsiz marşrutun təhlükəli olduğunu bildirib. Qurumun açıqlamasında bu marşrutla hərəkətə görə məsuliyyətin gəmilərin sahibləri və heyət üzvlərinin üzərinə düşdüyü vurğulanıb.
Bəyanatda həmçinin qeyd olunub ki, boğazın qaydalarını pozan və ABŞ hərbçilərinin dəstəklədiyi istənilən "təxribatçı hərəkətə" qəti cavab veriləcək.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərində bir gəmidə yanğın baş verdiyini açıqlamışdı.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.