Pentaqon ABŞ Prezidenti Donald Trampın əmri veriləndən sonra 96 saat ərzində İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyata başlamağa hazırdır. CNN-in məlumatına görə, bunun üçün kifayət qədər ABŞ qüvvəsi artıq Yaxın Şərqdə yerləşdirilib.
Bəzi ABŞ rəsmiləri yenidən hərbi əməliyyat qərarının ilin sonunadək, ehtimal ki, qarşıdakı aralıq seçkilərdən sonra verilə biləcəyini düşünürlər. CNN yazır ki, əməliyyatın İranın qısa müddətdə əvəz edə və ya bərpa edə biləcəyi radarlar, buraxılış qurğuları və digər hərbi obyektlərə məhdud zərbələrdən daha geniş olacağı ehtimal edilir.
İran və husilərin cavab verəcəyi gözlənilir
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, İranın və husilərin Amerika hərbçilərinə və ya İsrailə qarşı qabaqlayıcı genişmiqyaslı hücuma başlaması ehtimalı azdır. Bununla belə, İran ərazisinə ilk zərbə endiriləcəyi təqdirdə onların cavab verəcəyi gözlənilir.
Bu arada İran regionda diplomatik və təhlükəsizlik sahəsində təmaslarını artırıb. Bazar ertəsi Tehranda İran, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin iştirakı ilə görüş keçirilib. Tehran danışıqların regional əməkdaşlıq üçün “yeni, müsbət ab-hava” yaratdığını bildirib.
İranın təhlükəsizlik rəsmisi Möhsün Rzai danışıqlarda regional sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu deyib. İştirakçılar Qərbi Asiyada təhlükəsizliyin kənar müdaxilə ilə deyil, region ölkələri tərəfindən formalaşdırılmalı olduğunu vurğulayıblar.
İran Hörmüz boğazı üzərində nəzarətini vurğulayır
İranın hərbi rəhbərliyi strateji əhəmiyyətli Hörmüz boğazı ətrafındakı mövcudluğunu da diqqətə çatdırıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Abdullahi bazar ertəsi Fars körfəzi və Oman körfəzindəki bazalara səfərindən sonra İran qüvvələrinin su yoluna tam nəzarət etdiyini bildirib.
Səfər ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuperin Hörmüz boğazına səfərindən bir gün sonra baş tutub. Tehran və Vaşinqton arasında gərginliyin yüksək olduğu vaxtda bu səfərlər mühüm gəmiçilik marşrutuna hərbi diqqətin artdığını göstərir.
“The New York Times” ötən həftə ABŞ və İsrailin aralıq seçkilərdən sonra İrana qarşı mümkün yeni zərbələr üçün planlar hazırladığını yazıb. Potensial hədəflər arasında enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları imkanları ola bilər.
Trampın yeni hərbi əməliyyata icazə verib-verməyəcəyi isə qeyri-müəyyəndir. O, daha əvvəl genişmiqyaslı döyüş əməliyyatı planlarından geri çəkilib.