Pakistanda müşahidə olunan intensiv yağışlar nəticəsində ölkənin cənub-qərb bölgələrində ciddi fəsadlar qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Dawn” qəzetinin yerli rəsmilərə istinadən yaydığı məlumata əsasən, Belucistan əyalətinin Job və Xuzdar bölgələrində güclü yağıntılar iki yaşayış evinin damının uçmasına səbəb olub.
Məlumata görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla ümumilikdə 4 nəfər həyatını itirib. Azı 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Bildirilir ki, hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin cəsədlərini çıxarıb, yaralılar isə təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, bölgədə yağışların davam etməsi ehtimalı fonunda yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa çağırıb.