“Liverpul” və “Çelsi”nin sabiq hücumçusu Fernando Torres 2011-ci ilin yanvarında London klubuna keçidi barədə danışıb. İspaniyalı futbolçu komanda dəyişmək qərarından peşman olmadığını, amma “Liverpul” azarkeşlərini incitdiyinə görə təəssüfləndiyini bildirib.
Torresin sözlərinə görə, baş məşqçi Rafael Benitesin gedişindən və əsas oyunçuların satılmasından sonra “Liverpul”dakı vəziyyət dəyişib. “Ən yaxşı futbolçularımızı satmağa başladılar. Xabi Alonso “Real”a, Xavyer Maskerano isə “Barselona”ya getdi. Biz kuboklar qazanmağa çox yaxın idik, amma heyəti gücləndirmək əvəzinə, elə də yüksək səviyyəli olmayan oyunçular gəlirdi”, – deyə o, The Athletic-ə bildirib.
Hücumçu Fenway Sports Group yeni sahiblər kimi kluba gəldikdən sonra yeni komanda qurmaq üçün vaxt lazım olduğunu qeyd edib. “Mənim təxminən 27 yaşım vardı, qarşıda 10 ilim yox idi. İdman direktoru Damien Komolli ilə də danışmışdım. Mənə elə gəldi ki, onun üçün mənim gedib-getməyimin fərqi yox idi”, – Torres əlavə edib.
Torres “Çelsi”yə qış transfer pəncərəsinin son günündə keçib. Transferin məbləği 50 milyon funt sterlinq olub və həmin vaxt bu, Britaniya futbolu üçün rekord sayılırdı.