Şəhriyar Məmmədyarov Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində Vinsent Keymerlə görüşün ilk gününü məğlubiyyətlə başa vurub.
15-16-cı yerlər uğrunda mübarizə aparan Azərbaycan şahmatçısı noyabrın 19-da keçirilən yeddi partiyanın yekununda almaniyalı rəqibinə 5,5:14,5 hesabı ilə uduzub.
Məmmədyarov blitsdə ilk partiyanı qazanıb, sonrakı iki görüşdə isə məğlub olub. Dördüncü partiya heç-heçə başa çatıb. İki rapid partiyasında da qalib müəyyənləşməyib.
Günün sonuncu partiyasında Keymer ağ fiqurlarla oynayıb və sürətləndirilmiş vaxt nəzarəti ilə keçirilən klassik şahmatda qalib gəlib. Bu qələbə ona səkkiz xal qazandırıb və ilk günün yekun hesabını müəyyənləşdirib.
Qarşılaşma noyabrın 20-də davam edəcək. Şahmatçılar həmin gün yenidən dörd blits, iki rapid və bir klassik şahmat partiyası keçirəcəklər.
Reqlamentə əsasən, hər oyun gününün nəticəsi ayrıca hesablanır. Məmmədyarov ikinci gündə qalib gəlsə, 15-ci yerin sahibi armageddonda müəyyənləşəcək. Heç-heçə və ya məğlubiyyət halında isə Azərbaycan şahmatçısı turniri 16-cı pillədə başa vuracaq.