Yaxın Şərqdə neft hasilatının artması və İranla ABŞ arasında qarşıdurmanın səngiməsi fonunda dünya bazarında neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə düşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti 91 dollar səviyyəsinə enib. “Light” markalı xam neftin bir bareli isə 85 dollara ticarət olunur.
Qlobal neft etalonu olan “Brent” markalı neftin qiyməti cari ildə 50 faizdən çox artsa da, noyabr ayında kəskin ucuzlaşma qeydə alınıb. Buna səbəb Yaxın Şərqdən neft tədarükünün bərpası, eləcə də ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsinin artıq 9-cu ayına qədəm qoyan İran münaqişəsinin başa çatmasını sürətləndirə biləcəyinə dair gözləntilərdir.
Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) oktyabr ayında neft hasilatının 26 faiz artaraq son illərin ən yüksək aylıq göstəricilərindən birinə çatdığını bildirib. İraq da neft hasilatının müharibə dövrü üçün rekord səviyyəyə yüksəldiyini açıqlayıb.
Bununla belə, bölgədə nisbi sakitliyin hökm sürməsinə baxmayaraq, münaqişənin başa çatdırılması istiqamətində konkret irəliləyiş əlamətləri müşahidə olunmur.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, İran ölkədən zənginləşdirilmiş nüvənin “bir atomunun belə” çıxarılmasına razı olmayacaq.
Qeyd edək ki, nüvənin İrandan çıxarılması ABŞ-nin danışıqların başlanması üçün irəli sürdüyü əsas ilkin şərtlərdən biridir.