Meksikanın Sinaloa ştatının Masatlan (Mazatlán) şəhərində yerləşən cəzaçəkmə müəssisəsində kütləvi iğtişaş baş verib. Ştatın İctimai Təhlükəsizlik Katibliyinin rəsmi açıqlamasına əsasən, insident məhbuslarla görüş saatları zamanı qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşıdurma nəticəsində 9 məhbus və bir məhbusun yaxın qohumu həyatını itirib.
Xəsarət alan 16 nəfər məhbus müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam etdirilir.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, iğtişaş zamanı məhbuslar tərəfindən odlu silahlar tətbiq olunub. Meksikanın Federal Təhlükəsizlik Kabineti Milli Qvardiya qüvvələrinin əraziyə cəlb edildiyini və 1800 nəfərin saxlanıldığı penitensiar müəssisədə vəziyyətin tam nəzarət altına alındığını bəyan edib.
Qeyd edək ki, Meksikanın cəzaçəkmə müəssisələrində həddindən artıq sıxlıq və narkokartellərin nüfuz mübarizəsi səbəbindən analoji zorakılıq halları mütəmadi olaraq müşahid olunur.