Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, Prezident Cozef Aun Beyrutdakı Baabda sarayında Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı Livan dövlət başçısı ölkəsinin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalamaq əzmində olduğunu vurğulayıb.
Livanın sabitliyinin Avropanın və regional təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıran Cozef Aun Livan Silahlı Qüvvələrinin çərçivə sazişinə uyğun olaraq Litani çayından cənubda yerləşən ərazilərdə xidməti vəzifələrini tam icra etdiyini bildirib.
Prezident İsrail tərəfinin razılaşmanın şərtlərini yerinə yetirməkdən yayındığını qeyd edərək əlavə edib: “Diplomatik danışıqlar müharibəyə yeganə alternativdir. Çərçivə sazişinin icrası Livan ilə İsrail arasında hərbi qarşıdurmaya son qoymağın yeganə effektiv yoludur”.
Dövlət başçısı, həmçinin Livanın iqtisadi islahatları davam etdirmək və maliyyə kəsiri haqqında qanunu qəbul etmək öhdəliyinə sadiq olduğunu, bu addımların Beynəlxalq Valyuta Fondu (BVF) ilə yekun sazişin bağlanmasına şərait yaradacağını diqqətə çatdırıb.
Öz növbəsində Aİ-nin ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının Livana, xüsusilə də onun milli ordusuna, təhlükəsizlik strukturlarına, eləcə də sosial və humanitar sektorda fəaliyyət göstərən təşkilatlara lazımi dəstək və yardımı göstərməyə hazır olduğunu bəyan edib.