Birləşmiş Ştatların Qüdsdəki səfirliyində çalışan amerikalı diplomat Milşteynin (Milstein) İsrailin fəaliyyətləri ilə bağlı Vaşinqtona göndərilən rəsmi kəşfiyyat və diplomatik hesabatları təhrif etdiyi və senzuraladığı barədə məlumatlar yayılıb. Bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ rəsmilərinə və daxili sənədlərə istinadən məlumat dərc edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəzetin araşdırmasına görə, cari ilin mart ayının sonunda İsrail hökuməti işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi məskənlərinin salınması planını təsdiqləyib.
ABŞ səfirliyinin diplomatik heyəti bu addımın Prezident Donald Tramp tərəfindən bəyan edilən “Qərb sahilinin ilhaq edilməməsi” prinsipinə zidd olduğunu bildirən təcili hesabat tərtib etsə də, sənəd Vaşinqtona çatmayıb. Səfir Mayk Hakabinin (Mike Huckabee) baş müşaviri olan Milşteynin həmin xəbərdarlıq teleqramının göndərilməsini blokladığı bildirilir.
Mənbələrin verdiyi məlumata əsasən, Milşteyn 2025-ci ilin aprelində vəzifəsinin icrasına başladıqdan dərhal sonra İsrail rəhbərliyinin addımlarını müsbət işıqlandırmaq məqsədilə diplomatik yazışmaları mütəmadi olaraq dəyişdirib. Qərb sahilində məskunlaşan yəhudilərin mülki əhaliyə qarşı zorakılıq halları artarkən, səfirliyin Təl-Əvivin hərəkətsizliyi barədə hazırladığı hesabat Milşteynin müdaxiləsindən sonra İsrail təhlükəsizlik qüvvələrinin "hücumlara adekvat cavab verdiyi" məzmunlu sənədlə əvəzlənib.
Bundan əlavə, ABŞ Konqresinin üzvləri israilli köçkünlər və hərbçilər tərəfindən öldürülən doqquz fələstinli amerikalının ölümü ilə bağlı rəsmi izahat tələb edərkən, diplomatın səfirlik tərəfindən hazırlanan ətraflı hesabatı gizlətdiyi və amerikalı qanunvericilərin məlumat almaq cəhdlərinə mane olduğu iddia edilir.
NYT yazır ki, Milşteyn Fələstin məsələləri ilə məşğul olan departamentin bütün daxili yazışmalarının onun təsdiqindən geçməsini məcburi edib. Hesabatların təhrif olunmasından ehtiyat edən əməkdaşların fəaliyyəti nəticəsində Vaşinqtona göndərilən diplomatik teleqramların sayı həftədə bir neçə dəfədən ayda bir neçə vahidə düşüb. Rəsmilər bu müdaxilələrin Tramp administrasiyasının İsrailin qanunsuz addımlarına sert reaksiya verməsinin qarşısını aldığını və faktiki olaraq Qərb sahilində işğal zonasının genişlənməsinə zəmin yaratdığını vurğulayıblar.
Səfir Mayk Hakabinin müşavirinin bu fəaliyyətlərindən nə dərəcədə xəbərdar olduğu tam dəqiqləşdirilməyib. Qeyd edək ki, ABŞ-nin tanınmış sağçı radio aparıcısı Mark Levinin ögey oğlu olan Milşteyn Vaşinqton və Təl-Əviv arasında yüksək səviyyəli diplomatik təmasları əlaqələndirən əsas şəxslərdən biri kimi tanınır.