ABŞ dövlət katibi Marko Rubio demokratların Konqresdə üstünlük qazandığı aralıq seçkilərdən sonra Ağ Evdə “The New York Times” qəzetinə müsahibə verib.
“Operativ Məlumat Mərkəzi-OMM” "The New York Times"a istinadən xəbər verir ki, Rubio 2028-ci il prezident seçkilərində namizəd olmaq üçün vəzifəsindən istefa verəcəyi barədə yayılan iddiaları rədd edib.
Dövlət katibi Donald Trampın prezidentlik müddətinin sonunadək onunla işləməyin həmişə planları arasında olduğunu və işini sevərək gördüyünü bildirib. Gələcək siyasi karyerası barədə danışmaqdan yayınan diplomat “2028-ci il haqqında daha çox danışmayacağam” deyə əlavə edib.
Seçkilərin nəticələrinə toxunan Rubio yanacaqdoldurma məntəqələrində qiymətlərin artmasının kampaniyada öyünüləcək hadisə olmadığını qəbul edib. Buna baxmayaraq, o, Trampın seçicilər dəstəkləməsə belə zəruri addımları atdığını müdafiə edərək bunu “liderliyin bədəli” adlandırıb.
Venesuela siyasətini də şərh edən Marko Rubio ABŞ-nin bu ölkədə demokratiyaya keçid prosesini dəstəklədiyini bildirib. Onun fikrincə, Venesuelada prezident seçkiləri ideal olaraq gələn il keçirilməlidir, lakin bunun üçün ölkədə Ali Məhkəmə və seçki şurası yenilənməli, borclar yenidən strukturlaşdırılmalı və təhlükəsizlik qüvvələrində islahatlar aparılmalıdır.
Xatırladaq ki, bundan əvvəl “The Independent” nəşri ABŞ və Böyük Britaniya mənbələrinə istinadla Rubionun 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq üçün postundan istefa verəcəyini iddia etmişdi.