Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat və strateji məlumatların ötürülməsini dayandırmayıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio rəsmi açıqlamasında bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, M.Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin bazar günü NBC telekanalına müsahibəsində Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini müvəqqəti dondurduğu, lakin sonradan bərpa etdiyi barədə iddialarına cavab verib.
ABŞ dövlət katibi V.Zelenskinin bu cür əsassız məlumatı haradan aldığını və niyə mətbuata bu şəkildə açıqladığını anlamadığını vurğulayıb:
“Kəşfiyyat məlumatlarının ötürülməsində hər hansı fasilə və ya dondurulma baş verməyib”, – deyə ABŞ xarici siyasi idarəsinin rəhbəri qeyd edib.
Bununla yanaşı, M.Rubio bir neçə gün əvvəl məlumat ötürmə sistemlərində proqram təminatı ilə bağlı müəyyən texniki nasazlığın yarandığını etiraf edib. Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatların hərbi idarəsi və müvafiq kəşfiyyat strukturları baş vermiş texniki insidenti araşdırırlar.
M.Rubio Ukrayna rəhbərliyinə diqqətini məqsədsiz iddialara deyil, münaqişənin diplomatiya yolu ilə tezliklə başa çatdırılmasına yönəltməyi tövsiyə edib:
“Zelenski diqqətini bilavasitə münaqişənin dayandırılmasına yönəltməlidir. Biz tam şəkildə bu müharibəyə son qoymağa fokuslanmışıq və onun da diqqət yetirməli olduğu əsas məsələ məhz budur”, – deyə M.Rubio vurğulayıb.
Dövlət katibi əlavə edib ki, Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması və sülhün bərqərar olunması ABŞ Prezidenti Donald Trampın xarici siyasətində ən prioritet istiqamətdir.
Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın münaqişəni sülh yolu ilə mümkün qədər tez dayandırmaq niyyətində olduğunu və danışıqlara hazır olduğunu bəyan edib. Lakin Rusiya lideri Kiyev rəhbərliyi tərəfindən analoji sülh iradəsinin nümayiş etdirilmədiyini bildirib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin sülh razılaşmalarına konstruktiv yanaşmamasından narazılığını ifadə edərək, Ukraynaya Rusiya ilə real kompromislərə gedə biləcək yeni liderin vacib olduğunu vurğulayıb.