UEFA maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlar üzrə apellyasiyası nəticəsiz qalacağı təqdirdə “Mançester Siti”ni 7-10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər. Bu barədə jurnalist Sezar Auqusto Londono X sosial şəbəkəsində yazıb.
İngiltərə Premyer Liqasının müstəqil komissiyası “Mançester Siti”ni 2009-2018-ci illərdə baş verdiyi iddia olunan maliyyə pozuntularına dair 115 ittihamın böyük əksəriyyəti üzrə təqsirli bilib. Komissiyanın məlumatına əsasən, klub gəlirlərini təxminən 830 milyon funt sterlinq artıq göstərib, ümumi təhriflərin məbləği isə 900 milyon funt sterlinqi ötüb.
Klub ittihamlarla bağlı apellyasiya verib. Londono UEFA-nın mümkün qərarını apellyasiyanın nəticəsi ilə əlaqələndirib.
Xatırladaq ki, 2020-ci ildə İdman Arbitraj Məhkəməsi UEFA-nın “Mançester Siti”ni maliyyə feyr-pley qaydalarının pozulmasına görə iki mövsümə avrokuboklardan kənarlaşdırmaq qərarını ləğv etmişdi.