“Formula-2” üzrə Azərbaycan Qran-Prisinin qalibi Rafael Kamara 2027-ci ildən “Formula-1”də mübarizə aparacaq. 21 yaşlı braziliyalı pilot “Haas” komandası ilə çoxillik müqavilə imzalayıb və mövsümün sonunda komandadan ayrılacaq Esteban Okonu əvəzləyəcək.
“Ferrari” akademiyasının yetirməsi olan Kamara 2022-ci ildən biryerlik yarış avtomobilləri üzrə çempionatlarda çıxış edir. O, 2024-cü ildə “Formula Regional” Avropa çempionatının, 2025-ci ildə isə “Formula-3”ün qalibi olub.
“Formula-2”də debüt etdiyi cari mövsümdə Kamara üç əsas yarışda qalib gəlib və daha dörd dəfə fəxri kürsüyə yüksəlib. O, şəxsi hesabda ən yaxın izləyicisi Nikola Tsolovu yeddi xal qabaqlayaraq liderlik edir.
Kamara “Haas”a keçidini karyerasında mühüm addım adlandırıb və ona göstərilən etimada görə komandanın sahibi Cin Haasa, rəhbəri Ayao Komatsuya, eləcə də “Ferrari” akademiyasına təşəkkür edib. Ayao Komatsu isə pilotun Monako və Monreal mərhələlərindəki sürətini, həmçinin avqustda Portimaoda keçirilən sınaqlardakı çıxışını vurğulayıb.
Kamara sentyabrda Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. “Haas”ın digər pilotu Oliver Bermanın komandadakı yerini qoruyacağı gözlənilir.