“Formula-1” üzrə Azərbaycan Qran-prisində “McLaren” komandasının pilotu Oskar Piastri xal uğrunda mübarizə apararkən yarışın sonlarına yaxın ciddi səhvə yol verib.
Avstraliyalı sürücü 40-cı dövrədə birinci döngəyə yaxınlaşarkən hər iki ön təkəri eyni anda kilidləyib. Bu hadisə “Red Bull” pilotu İsak Hacardan mövqeyini qorumağa çalışdığı vaxt baş verib. Piastri həmin ana qədər ikinci pillədə qərarlaşırdı və 30-cu dövrəyədək Maks Ferstappeni arxasında saxlaya bilmişdi.
Aleks Albonun qəzasından sonra təhlükəsizlik avtomobili trasa çıxıb. Restartdan sonra mövqeyini qoruya bilməyən Piastri ikinci restartdan bir dövrə sonra yaşanan hadisədən sonra geriləyib və yarışı 13-cü pillədə tamamlayıb.
Piastri səhvini belə şərh edib: “Bir az qəribə idi. Hər iki ön təkər birdən kilidləndi. Müdafiə edərkən adətən istifadə etdiyim xətdən fərqli trayektoriyada idim. Yolun qabarıq hissəsinə düşüb-düşmədiyimi bilmirəm, amma bu, mənim üçün sürpriz oldu”.
O, həftəsonunun ümumi gedişini əvvəlki yarışlarla müqayisədə daha ümidverici hesab edib. Piastri boliddən daha çox dövrə tempi çıxara bildiyini və sürmə tərzində hansı istiqamətdə inkişaf etməli olduğunu daha yaxşı anladığını bildirib.
“Yarışdakı bir epizodu çıxsaq, bu həftəsonu özümün gözlədiyim səviyyəyə daha yaxın idim. Bu tərəfdən hər şey daha ümidvericidir. Amma hələlik bunun qarşılığında heç nə əldə etməmək çox ağrılıdır”, – deyə o əlavə edib.
Piastrinin 13-cü yeri, Lando Norrisın isə yarışı erkən başa vurması nəticəsində “McLaren” Bakıdan xalsız ayrılıb. Komanda Konstruktorlar Kubokunda ikinci yer uğrunda “Ferrari” ilə mübarizədə əlavə xal itkisi yaşayıb.