“Mançester Siti” rəhbərləri klubun maliyyə pozuntuları işi üzrə müstəqil komissiyanın qərarından sonra cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Bu barədə “The Sun” məlumat yayıb.
Komissiya İngiltərə Premyer Liqasının maliyyə qaydalarının 2009/10–2017/18 mövsümləri arasındakı dövrdə ciddi şəkildə pozulduğu qənaətinə gəlib. Araşdırmaya əsasən, klub kommersiya tərəfdaşları ilə saxta razılaşmalardan istifadə edib, gəlirləri şişirdib, xərcləri azaldıb və təhrif olunmuş maliyyə hesabatları təqdim edib.
Aşkar olunan pozuntular yalnız futbol qurumlarının deyil, polis, vergi orqanları və maliyyə tənzimləyicilərinin də marağına səbəb ola bilər. Söhbət, həmçinin yanlış maliyyə məlumatlarının təqdim edilməsindən və bəzi ödənişlərin əsl mahiyyətinin gizlədilməsindən gedir.
Əgər bu epizodlar cinayət-hüquqi qiymət alarsa, klubun ayrı-ayrı vəzifəli şəxsləri azadlıqdan məhrumetmə də daxil olmaqla cinayət məsuliyyəti ilə üzləşə bilərlər.
“Mançester Siti” pozuntuları inkar edir və komissiyanın qərarından apellyasiya şikayəti vermək niyyətindədir. Kluba qarşı sanksiyalar hələ açıqlanmayıb.