Macarıstan 10 rus diplomatın ölkədən çıxarılmasına qərar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, çərşənbə axşamı Macarıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiyanın ölkədəki səfirinə məlumat verib ki, diplomatik nümayəndəliyin 10 əməkdaşı Vyana Konvensiyasına uyğun olaraq diplomatlar üçün qəbuledilməz fəaliyyətlə məşğul olub.
Bu səbəbdən Macarıstan tərəfi həmin şəxslərdən ölkəni tərk etmələrini tələb edib.
Anita Orban qərarın Macarıstanın təhlükəsizliyi və suverenliyinin qorunmasına yönəldiyini bildirib. Nazir vurğulayıb ki, bu addım Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Onun sözlərinə görə, Budapeşt Moskva ilə qarşılıqlı hörmət və qaydalara riayət əsasında zəruri dialoqu davam etdirmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Macarıstanın yeni rəhbərliyi Rusiyanı təhlükə kimi qiymətləndirib. Ölkə hökumətinin bəyanatında Rusiyanın davranışının Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə yaratdığı bildirilib.