Son yeniləmə · İlk xəbər ↓
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat və vəsatət isə müvafiq məsələyə baxılması üçün başqa məhkəməyə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
İlk xəbər · Son yeniləmə ↑
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.
Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun Sabunçu” kimi tanınan Ceyhun qətlə yetirilib.
Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar.