İspaniyalı mütəxəssis Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan baş məşqçi olub. Paris klubu onun rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 188 matçın 127-də qalib gəlib. Əvvəlki rekord Loran Blana məxsus idi: o, PSJ ilə 126 qələbə əldə etmişdi.
Luis Enrike rekorda Fransa Liqasının 9-cu turunda “Havr” üzərində 5:1 hesablı qələbədən sonra imza atıb. Görüş oktyabrın 30-da baş tutub. Matçın 18-ci dəqiqəsində Mayya “Havr”ı önə keçirib, Qodts 26-cı dəqiqədə hesabı bərabərləşdirib. Əşrəf Hakimi 28, 55 və 69-cu dəqiqələrdə fərqlənib, Mayulu isə 62-ci dəqiqədə PSJ-nin beşinci qolunu vurub.
56 yaşlı Luis Enrike PSJ-yə 2023-cü ilin yayından rəhbərlik edir. Məşqçinin klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Loran Blan 2013–2016-cı illərdə Paris komandasının baş məşqçisi olub. 60 yaşlı fransalı 2024-cü ilin yayından 2025-ci ilin sentyabrına qədər “Əl-İttihad”ı çalışdırıb.