"Litvanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə dövlət holdinqinin yaradılması planını məqsədəuyğun hesab edir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Robertas Kaunas deyib.
O bildirib ki, FPV tipli dronların, dron-ələkeçiricilərin, uzaq və orta mənzilli pilotsuz uçuş aparatlarının, eləcə də kəşfiyyat dronlarının istehsalı üçün müxtəlif istiqamətləri birləşdirən dövlət holdinqinin yaradılmasına ehtiyac var.
Nazirin sözlərinə görə, bu strukturda dövlət maliyyə təminatçısı və nəzarətçi rolunu oynayacaq, belə bir model dövlət vəsaitlərinin məqsədyönlü şəkildə bölüşdürülməsinə imkan verəcək.
Kaunas qeyd edib ki, holdinq müdafiə sənayesi müəssisələrinin, elmi qurumların və universitetlərin səylərini birləşdirməyə şərait yaradacaq.
"Bizə təkcə istehsalda deyil, innovasiyalar sahəsində də texnoloji sıçrayış lazımdır", - müdafiə naziri vurğulayıb.
O həmçinin Baş nazir Mindauqas Sinkəviçyusun PUA istehsalı üzrə dövlət holdinqinin yaradılması planını tam dəstəklədiyini bildirib.