“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. “Marca”nın məlumatına görə, tədbir oktyabrın 22-də İspaniyanın Oviedo şəhərində, Asturiya Şahzadəsi mükafatının təqdim edilməsi ilə bağlı tədbirlər çərçivəsində keçiriləcək.
Şam yeməyində Argentina millisinin futbolçusu və kral ailəsinin üzvləri ilə yanaşı, mükafatın digər laureatları da iştirak edəcəklər. Messi həmin gün Oviedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.
Oktyabrın 23-də argentinalı futbolçu kral ailəsinin rəsmi qəbuluna qatılacaq, daha sonra idman sahəsində Asturiya Şahzadəsi mükafatının təqdimetmə mərasimində iştirak edəcək. Tədbir Kampoamor teatrında keçiriləcək.
Mənbənin məlumatına görə, Messi həmin gün axşam Nyu-Yorka yola düşəcək. O, oktyabrın 24-də keçiriləcək “İnter Mayami” – “Nyu-York Red Bullz” matçına çatmağa çalışacaq.