Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinlə münasibətlərini dostluq kimi xarakterizə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Lavrov bu barədə “Sama Menşova” internet layihəsinə müsahibəsində danışıb.
Lavrovun sözlərinə görə, onlar xalqın etimad göstərdiyi ümumi işi həyata keçirirlər və bu, hər iki tərəfi böyük məsuliyyət qarşısında qoyur.
“Əgər dostluq dedikdə hər birinin digərinə güvəndiyi və bir-birinə dəstək olmağa çalışdığı birgə işi nəzərdə tutursunuzsa, bəli”, – Rusiya XİN rəhbəri deyib.
Lavrov qeyd edib ki, 22 ildir xarici işlər naziri vəzifəsini tutur. Onun sözlərinə görə, bu müddət ərzində Putinlə iş sahəsində vahid komanda olmağı bacarıblar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Myanma Prezidenti Min Aunq Hlaynı Rusiyanın dostu adlandırıb.
Putin bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər 1948-ci ildə qurulub və sonrakı dövrdə davamlı şəkildə inkişaf edib. Onun sözlərinə görə, son illərdə bu əlaqələr xüsusilə etimad xarakteri alıb.