Kriptovalyutaların kəskin ucuzlaşması adi insanların bank hesablarındakı funt, dollar və avroya birbaşa təsir etmir. Bununla belə, rəqəmsal aktivlərlə ənənəvi maliyyə sistemi arasındakı əlaqələr gücləndikcə, dolayı təsir riski artır. AnewZ yazır ki, bu məsələ “Binance” birjasından təxminən 6,3 milyard dolların oğurlanmasından sonra yenidən aktuallaşıb.
Blokçeyn təhlili ilə məşğul olan şirkətlər hücumu Şimali Koreyanın bir qruplaşması ilə əlaqələndirib. “Binance” itkilərin hamısını qarşılayacağını açıqlayıb. Buna baxmayaraq, hücumun kriptovalyuta bazarına təsiri fonunda bitkoinin qiyməti 4 faizdən çox düşüb.
Bitkoin ucuzlaşanda dolların dəyəri dəyişmir. Fiat valyutaları hökumət və mərkəzi bankların təminatına söykənir; onların dəyərinə faiz dərəcələri, inflyasiya və ölkə iqtisadiyyatına inam kimi amillər təsir edir.
Kriptovalyutalar qlobal maliyyə sistemində hələ də nisbətən kiçik paya malikdir. Avropa Mərkəzi Bankı (AMB) 2022-ci ildə xəbərdarlıq edib ki, bankların və digər maliyyə qurumlarının kriptoaktivlərə geniş məruz qalması kapitalı riskə ata, investorların etimadına, kreditləşməyə və maliyyə bazarlarına zərər vura bilər.
Kriptobazardakı eniş ənənəvi maliyyəyə necə yayıla bilər?
Risklərdən biri borclanma ilə bağlıdır. Bir çox treyder kriptovalyutanı borc pulla alır. Qiymətlər enəndə kreditorlar borcun qaytarılmasını tələb edə, mövqelər isə məcburi satıla bilər. Bu da qiymətləri daha da aşağı sala bilər. AMB kriptobirjaların təklif etdiyi yüksək kredit çiyninin maliyyə sabitliyi üçün riski artırdığını bildirib.
Digər risk bankların və investorların kriptoaktivlərə məruz qalmasıdır. Banklar, hedc-fondlar və ya pensiya fondları kriptovalyuta və onunla əlaqəli məhsullara sahib olduqda, böyük itkilər onların kapitalını azalda bilər.
2022-ci il kriptobazar çöküşündə 2 trilyon dollardan çox dəyər silinmişdi. İngiltərə Bankı həmin vaxt ümumi maliyyə sabitliyinin təhlükə altında olmadığını bildirsə də, kriptovalyutalar geniş maliyyə sistemi ilə daha sıx əlaqələndikcə risklərin artacağı barədə xəbərdarlıq etmişdi.
Üçüncü təsir kanalı ev təsərrüfatlarının sərvətindəki dəyişikliklərdir. AMB-nin istinad etdiyi sorğuya əsasən, avrozonadakı hər on ev təsərrüfatından biri kriptovalyuta alıb. Böyük itkilər insanların xərclərini azalda bilər; bunun geniş iqtisadiyyata təsiri isə kriptoaktivlərin onların ümumi sərvətindəki payından asılıdır.
Stabilkoinlər əsas narahatlıq mənbəyidir
Əsas narahatlıq adətən ABŞ dollarına bağlanan və sabit dəyəri qorumaq üçün nəzərdə tutulan stabilkoinlərlə bağlıdır. Onlar kriptobazarın nisbətən sabit hissəsi kimi təqdim edilsə də, 2022-ci ildə TerraUSD-nin çökməsi bu adın həmişə etibarlı olmadığını göstərib. Ardınca yaranan qarışıqlıq zamanı ən böyük stabilkoin olan Tether təzyiq altına düşüb və müvəqqəti olaraq dollarla paritetini itirib.
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilin oktyabrında stabilkoin bazarının təxminən 305 milyard dollara çatdığını bildirib və etimad böhranının likvidlik böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Fond həmçinin kəskin satış zamanı Ethena-nın USDe tokeninin sabitliyini müvəqqəti itirərək 0,65 dollara qədər düşdüyü hadisəyə diqqət çəkib.
BVF-nin fikrincə, stabilkoinlərdən geniş istifadə mərkəzi bankların likvidliyi idarə etmək və inflyasiyaya nəzarət etmək imkanlarını məhdudlaşdıraraq onların pul siyasətinə təsirini zəiflədə bilər. Bəzi iqtisadiyyatlarda bu, pul suverenliyinin itirilməsi ilə nəticələnə bilər.
Tənzimləyicilər kriptobazarın çökməsinin maliyyə sisteminə və ümumi iqtisadiyyata yaratdığı təhlükənin miqyası barədə fərqli mövqelərdədir. AMB mövcud stabilkoinlərin təcili şəkildə tənzimləmə çərçivəsinə daxil edilməsinə çağırıb. Bir sıra iri banklar isə tam təminatlı rəqəmsal valyutaların yaradılmasını araşdırır. Bu, stabilkoinləri daha təhlükəsiz edə bilər, eyni zamanda onları ənənəvi maliyyə sistemi ilə daha sıx bağlayar.
Kriptobazarın çökməsi özlüyündə dolların dəyərini azaltmır. Əsas risk borclanma, bankların kriptoaktivlərə məruz qalması və ənənəvi aktivlərə söykənən stabilkoinlər arasındakı əlaqələrdədir. Bu əlaqələr genişləndikcə kriptobazarda yaranan sarsıntıların ümumi iqtisadiyyata keçmə ehtimalı da artır.