Dubayın daşınmaz əmlak bazarında illərlə davam edən artım ilk dəfə istiqamətini dəyişib. Yaşayış obyektlərinin orta qiyməti avqust ayında əvvəlki illə müqayisədə 1,7 faiz azalaraq hər kvadrat fut üçün 445 dollara düşüb.
Avqustda təxminən 10 900 ev satılıb və əməliyyatların ümumi həcmi 6,4 milyard dollar təşkil edib. Satışların təxminən 75 faizini tikintisi başa çatmayan və ya hələ inşa edilməyən obyektlər təşkil edib.
ABŞ-İran müharibəsinin yaratdığı iqtisadi fəsadlar Körfəz regionunda uçuşlara, daşımalar, enerji təchizatı, eləcə də insanların və malların hərəkətinə təsir göstərir. Buna baxmayaraq, tikinti şirkətləri və investorlar hələ də alıcı cəlb edə bilirlər.
Birləşmiş Ərəb Əmirlikləri bəzi ölkələrdə müşahidə olunan kəskin iqtisadi şokdan yayınsa da, Beynəlxalq Valyuta Fondu münaqişənin ölkə iqtisadiyyatının artımını yavaşlatdığını bildirir. Fond 2026-cı ildə ümumi daxili məhsul artımının əvvəlki proqnozlardan aşağı olacağını gözləyir.
Turizm, nəqliyyat, ticarət və daşınmaz əmlak Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik və təkrar fasilələrdən təsirlənən əsas sahələr sırasındadır. “Dubai International Airport” 2026-cı ilin ilk yarısında 31,5 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdəbir azalma deməkdir.
Dubay iqtisadiyyatını neft və daşınmaz əmlakdan daha çox şaxələndirmək üçün texnologiya, süni intellekt və rəqəmsal infrastruktura investisiyaları artırır. Əmirliyin süni intellekt strategiyasının Dubay iqtisadiyyatına ildə 272 milyon dollar gəlir gətirməsi və rəqəmsal texnologiyalar vasitəsilə məhsuldarlığı 50 faiz artırması hədəflənir.
Proqram çərçivəsində süni intellekt inkubatorlarının yaradılması, məlumat mərkəzlərinin inkişafı, bu sahəyə yönəlmiş lisenziyaların verilməsi və dövlət xidmətlərinə süni intellektin inteqrasiyası nəzərdə tutulur.
BƏƏ xaricdə kənd təsərrüfatı və ərzaq tədarükü zəncirlərini də genişləndirir. Əbu-Dabinin suveren investisiya şirkəti “ADQ”nin 50 faiz paya sahib olduğu “Al Dahra” dörd qitədə 1 000 kvadrat kilometrdən çox ərazini idarə edir və 40-dan artıq bazara xidmət göstərir.
BƏƏ ərzaq ehtiyacının təxminən 85-90 faizini idxal edir. “Al Dahra”nın şəbəkəsi 15 ölkəni və 27 limanı əhatə edir. Şirkətin Misirlə imzaladığı son beşillik buğda müqaviləsinin dəyəri 500 milyon dollara qədərdir.
Hazırda Dubay bazarında vəziyyət çöküşdən çox soyuma ilə xarakterizə olunur. Lakin Hörmüz boğazı ətrafındakı fasilələr aylarla davam edərsə, təzyiq aviasiya və dəniz daşımalarından investisiya qərarlarına, biznes xərclərinə və əhalinin tələbinə qədər yayıla bilər.