Dortmundun “Borussiya” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəyi səfər oyunu öncəsi heyət itkisi ilə üzləşə bilər. 18 yaşlı yarımmüdafiəçi Konstantinos Karetsas topuğundan zədələnib və bir neçə həftə oynaya bilməyəcəyi ehtimal olunur.
“Ruhr Nachrichten”in yazdığına görə, futbolçu oktyabrın 17-də “Union Berlin”lə səfər matçından sonra Dortmund şəhərinə qoltuqağacı ilə qayıdıb. 0:0 hesabı ilə başa çatan görüşdə Karetsas 62-ci dəqiqədə meydana daxil olub, beş dəqiqə sonra Rani Xedira ilə mübarizədə ayağı qazon örtüyünə ilişərək topuğunu burxub. O, 79-cu dəqiqədə 17 yaşlı Matis Albertlə əvəzlənib.
Zədənin ağırlığı dəqiqləşdirilir
“FussballTransfers”in məlumatına əsasən, Karetsas ən azı noyabrın ortalarındakı milli komandaların oyunları ilə bağlı fasiləyədək meydana çıxa bilməyə bilər. Hələlik rəsmi tibbi rəy açıqlanmayıb. Klubun idman məsələləri üzrə icraçı direktoru Lars Rikken əlavə müayinələrin lazım olduğunu bildirib, idman direktoru Ole Buk isə futbolçunun vəziyyətindən narahatlığını ifadə edib.
Yunanıstanlı futbolçu yayda “Genk”dən transfer olunub. Sentyabrda “Vilyarreal”la Çempionlar Liqası matçında qan dövranının pozulması səbəbindən özünü pis hiss edib və xərəklə meydandan çıxarılıb; müayinədən sonra məşqlərə qayıdıb.
“Borussiya” ardıcıl üç rəsmi oyunda qələbə qazana bilməyib, “Budyo-Qlimt” və “Union Berlin”lə son matçlarda qol vurmayıb. “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Karetsasın iştirakı az ehtimal olunur; vəziyyəti əlavə müayinələrdən sonra dəqiqləşəcək.