“Sabah”ın hücumçusu Coy-Lens Mikels bir neçə il əvvəl yaşadığı maliyyə çətinliklərindən və futbol karyerasını bitirmək barədə düşünməsindən danışıb. 32 yaşlı futbolçu “ntv-Sport” podkastında həmin vaxt yanğınsöndürən olmaq istədiyini bildirib.
“Ödənişlərimi etmək üçün ailəmdən üç-dörd min avro istəmək imkanım yox idi. Yanğınsöndürən olmaq mənə maraqlı gəlirdi. İnsanları sevindirmək və onlara kömək etmək istəyirdim”, – deyə Mikels qeyd edib.
Almaniyada “Borussiya”nın (Mönhenqladbax) və “Şalke”nin gənclər komandalarında çıxış edən futbolçu daha sonra “Alemanniya”, “Vakker Nordhauzen” və “Karl Seys Yena”da oynayıb. Zədələr və “Vakker Nordhauzen”in müflisləşməsi onun karyerasını təhlükə altına salıb. Mikels Niderlandın “MVV Maastrixt” klubuna keçidini karyerasının ən düzgün qərarı adlandırıb.
“Sabah”dan iki il sonra Səudiyyə Ərəbistanının “Əl-Feysəli” klubuna yollanan hücumçu bu qərarı maliyyə səbəbilə verdiyini gizlətməyib: “Oraya yalnız pula görə getdim”. Bir mövsüm sonra Azərbaycana qayıdan Mikels “Sabah”la ölkə çempionu olub, Premyer Liqanın bombardiri adını qazanıb və Çempionlar Liqasına vəsiqə əldə edib.
Ruanda millisinin üzvü Çempionlar Liqasında Çexiyanın “Slaviya” (Praqa) komandası ilə matçda qol vurub və görüşün ən yaxşı oyunçusu seçilib. “Bəzən bütün bunların həqiqətən baş verdiyinə inanmaq üçün özümü çimdikləməli oluram”, – deyə o bildirib. Mikels “Çempionlar Liqasında oynadım, çempionluq və kubok qazandım, bombardir oldum” sözləri ilə nailiyyətlərini xatırladıb.
Hücumçunun reallaşdırmaq istədiyi arzularından biri vaxtilə formasını geyindiyi Mönhenqladbax “Borussiya”sının “Borussiya-Park” stadionunda yenidən meydana çıxmaqdır. “Sabah” oktyabrın 21-də Çempionlar Liqasının Liqa mərhələsində “Borussiya”nı (Dortmund) qəbul edəcək.