İtaliya parlamentinin aşağı palatası noyabrın 17-də antisemitizmlə mübarizə qanun layihəsini 147 lehinə, 93 əleyhinə səslə qəbul edib. “AnewZ” yazır ki, layihə Holokostun Beynəlxalq Anım Alyansının (IHRA) antisemitizm tərifini əsas götürür. Həmin tərifdə İsraili tənqid etməyin bəzi formaları antisemit davranış nümunələri kimi göstərilir.
Baş nazir Corcia Meloninin sağ-mərkəzçi hökuməti qanunun ayrı-seçkilik və zorakılıqla mübarizə üçün zəruri olduğunu bildirir. Müxalifət partiyaları isə qanunun legitim siyasi müzakirəni məhdudlaşdıra biləcəyindən ehtiyatlanır.
Qanun cərimə və ya cinayət cəzası nəzərdə tutmur. Tənqidçilər IHRA tərifinin qəbulunun antisemitizm ilə İsrail hökumətinin siyasətini qanuni şəkildə tənqid etmək arasındakı sərhədi qeyri-müəyyən edə biləcəyini deyirlər.
Müxalifət ifadə azadlığının məhdudlaşdırılmasından narahatdır
Yaşıllar-Sol Alyansının (AVS) həmsədri Ancelo Bonelli hökuməti etiraz səslərini susdurmağa çalışmaqda ittiham edib. “Sağçılar tənqidi boğmaq üçün antisemitizm qanun layihəsindən istifadə edirlər”, – deyə o bildirib.
Hakim koalisiya ifadə azadlığı ilə bağlı narahatlıqları rədd edib və İsrailin tənqidinin qorunacağını vurğulayıb. Hakim “İrəli, İtaliya” partiyasının üzvü Paolo Emilio Russo deyib: “Heç kim ifadə azadlığını və tənqidi məhdudlaşdırmağa çalışmayıb; bunlar demokratiyamızın təməl daşlarıdır”.
İtaliya Yəhudi İcmaları İttifaqı (UCEI) qanunu alqışlayaraq onu antisemitizmlə mübarizədə mühüm addım adlandırıb. Təşkilatın prezidenti Livia Ottolenghi bildirib ki, yəhudilərə qarşı nifrətlə mübarizə siyasi ayrılıqlardan üstün tutulmalıdır: “Antisemitizmlə mübarizə partiyaların mübarizəsi deyil, bütövlükdə cəmiyyətin mübarizəsidir və siyasi mövqelərə tabe edilə bilməz”.
2025-ci ildə antisemit hadisələrin sayı 963 olub
Qanun layihəsinin müzakirəsi İsrailin HƏMAS-ın rəhbərlik etdiyi 2023-cü il oktyabrın 7-dəki hücumlarından sonra Qəzzada başladığı hərbi əməliyyata qarşı İtaliyada keçirilən genişmiqyaslı Fələstin tərəfdarı nümayişlər fonunda aparılıb.
Müzakirələr müxalifət daxilində də fikir ayrılıqlarını dərinləşdirib. Demokratik Partiyada (PD) partiya rəhbərliyinin qanun layihəsinin əleyhinə səs vermək çağırışına baxmayaraq, az sayda deputat bitərəf qalıb.
Qanun tərəfdarları daha güclü müdafiə tədbirlərinin vacibliyini əsaslandırarkən antisemit hadisələrin kəskin artmasına istinad edirlər. İtaliyanın Antisemitizm Rəsədxanası 2025-ci ildə 963 belə hadisə qeydə alıb. Bu, 2022-ci ildə bildirilən göstəricidən təxminən dörd dəfə çoxdur.
Yəhudi Müasir Sənədləşdirmə Mərkəzinin (CDEC) direktoru Gadi Luzzatto Voghera fiziki hücumların artdığını bildirib. O, “Reuters” agentliyinə deyib: “İnsanların itələndiyi, üzünə tüpürüldüyü və şillələndiyi hadisələrin artdığını görürük. 2025-ci ildə 18, bu ilin ilk altı ayında isə 10 belə hal qeydə almışıq”.
Qanun İtaliya üçün antisemitizmlə mübarizə apararkən ifadə azadlığını və hökumət siyasətini tənqid etmək hüququnu qorumaqla bağlı çətinliyi ön plana çıxarır.