Hind Rajab Fondu (HRF) ABŞ hakimiyyətini keçmiş İsrail müdafiə naziri Yoav Gallantı Qəzza və Livanda iddia edilən müharibə cinayətləri, Qəzzada isə soyqırımı iddiaları ilə bağlı mühakimə etməyə çağırıb. “AnewZ”in məlumatına görə, müraciət çərşənbə axşamı ABŞ Ədliyyə Nazirliyinə təqdim olunub.
Müraciət Gallantın vəzifədə olduğu müddətdə törədildiyi iddia edilən əməllərlə bağlıdır. O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi hücumlardan sonra İsrailin hərbi əməliyyatlarına nəzarət edib.
Fondun müraciəti Gallantın noyabrın 18-i, çərşənbə günü Nyu-Yorka səfər etməyə hazırlaşdığı vaxt verilib. O, İsraili dəstəkləyən qeyri-kommersiya təşkilatı “MirYam Institute”un illik sammitində əsas məruzə ilə çıxış etməlidir.
Qəzza və Livanla bağlı ittihamlar
HRF Gallantı çoxsaylı mülki şəxslərin ölümünə, evlərin və infrastrukturun dağıdılmasına, insanların kütləvi köçkün düşməsinə, eləcə də səhiyyə müəssisələrinə hücumlara səbəb olan hərbi siyasətə nəzarət etməkdə ittiham edir.
Fondun məlumatına görə, Gallant 2024-cü ilin noyabrında vəzifəsindən kənarlaşdırılana qədər Qəzzada 43 mindən çox fələstinli öldürülüb. HRF, həmçinin yaşayış binalarının 90 faizinin dağıdıldığını və əhalinin, demək olar ki, hamısının məcburi köçkün düşdüyünü göstərən rəqəmlərə istinad edib.
Livanla bağlı HRF Gallantın komandanlığı altındakı İsrail qüvvələrini 2 600-dən çox insanı öldürməkdə, tibb müəssisələrinə və təcili yardım maşınlarına hücum etməkdə, həmçinin 2024-cü ilin sentyabrında 12 nəfərin ölümü və təxminən 3 000 nəfərin yaralanması ilə nəticələnən peycer partlayışları törətməkdə ittiham edib.
Fond Gallantın 2023-cü ilin oktyabrında Qəzza zolağının “tam mühasirəyə” alınması barədə açıqlamasını da xatırladıb. Bu tədbirlər elektrik enerjisi, su, ərzaq və yanacaq təchizatına məhdudiyyətləri əhatə edib. HRF hesab edir ki, həmin bəyanat soyqırımına təhrik sübutu kimi istifadə oluna bilər.
ABŞ qanunları və Beynəlxalq Cinayət Məhkəməsinin orderi
HRF bildirir ki, ABŞ-ın Müharibə Cinayətləri Aktı və Soyqırımı haqqında qanun da daxil olmaqla, qanunvericiliyi iddia edilən cinayətlər xaricdə törədilsə belə, Gallantın ABŞ ərazisində mühakimə olunmasına imkan verə bilər.
Təşkilat Vaşinqtonu Cenevrə konvensiyaları üzrə öhdəliklərini yerinə yetirməyə, beynəlxalq humanitar hüququn ciddi pozuntularında şübhəli bilinən şəxsləri araşdırıb mühakimə etməyə çağırıb. HRF Gallantın təqibdən avtomatik immunitetə malik olması fikrinə də etiraz edib.
Gallant 2024-cü ilin noyabrından Qəzzada iddia edilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi ilə axtarışdadır.
HRF ABŞ qanunvericilərini BCM ilə əməkdaşlığı məhdudlaşdıran “Amerika Hərbi Xidmətçilərinin Müdafiəsi Aktı”na dəyişiklik etməyə və ya onu ləğv etməyə çağırıb. Təşkilat bu addımın məhkəmənin Fələstin əraziləri ilə bağlı istintaqına daha geniş dəstək verilməsinə imkan yaradacağını bildirib.
Tlaib Gallantın Nyu-York səfərini tənqid edib
Gallantın Nyu-Yorkda planlaşdırılan çıxışı ABŞ Konqresinin üzvü Raşida Tlaibin də tənqidinə səbəb olub. O, keçmiş nazirə ev sahibliyi etmək qərarını pisləyib.
“Müharibə cinayətkarlarının şəhərlərimizdə sərbəst gəzməsini normallaşdıra bilmərik. Yoav Gallant Qəzza və Livanda soyqırımına və kütləvi qətllərə görə məsuliyyət daşıyır.
Onun barəsində BCM-nin həbs orderi var. O, çıxış turunda yox, Haaqada olmalıdır. Hökumətimiz soyqırımını dəstəkləməyə davam edir”, — Tlaib “X” platformasında yazıb.
Atəşkəsə baxmayaraq Qəzzada ölənlərin sayı artır
Hüquqi müraciət HƏMAS-la atəşkəs razılaşmasının 2025-ci ilin oktyabrında qüvvəyə minməsinə baxmayaraq, Qəzzada İsrail hücumlarının davam etdiyi barədə məlumatların yayıldığı vaxta təsadüf edib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs başlayandan bəri İsrailin hücumlarında azı 1 650 fələstinli öldürülüb, 5 975 nəfər yaralanıb.
Nazirliyin rəqəmlərinə əsasən, İsrailin 2023-cü il oktyabrın 8-də Qəzzada hərbi əməliyyata başlamasından bəri 74 mindən çox fələstinli öldürülüb, 176 mindən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.