Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti bu il Çinin Şençjen şəhərində keçirilir. İki gün davam edəcək toplantıda region ölkələrinin liderləri ticarət, texnologiya və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
AnewZ-in məlumatına görə, sammitə Çin prezidenti Si Cinpin, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin ilk üçtərəfli görüşünün də daxil olması tədbirə əlavə əhəmiyyət verir.
Sammit proqramı artıq başlayıb. Si Cinpinin çərşənbə günü APEC-in baş direktorlar sammitinin açılışında əsas nitq söyləməsi, daha sonra isə qonaq liderlər üçün qəbul təşkil etməsi gözlənilir.
Putin çərşənbə günü yerli vaxtla saat 02:00-dan az sonra Şençjenə gəlib. Onu Çinin yüksək vəzifəli rəsmisi Tsay Tsi qırmızı xalça üzərində qarşılayıb. Asiya turuna Filippindən başlayan Trampın isə həftənin sonunda şəhərə səfər edəcəyi gözlənilir.
Ticarət və texnologiya gündəmdə
APEC 21 iqtisadiyyatı bir araya gətirir və konsensus prinsipi ilə fəaliyyət göstərir. Üzvlərin öhdəlikləri könüllüdür, hüquqi baxımdan məcburi deyil. Çin forumun ev sahibliyini üçüncü dəfə edir: əvvəlki sammitlər 2001-ci ildə Şanxayda, 2014-cü ildə isə Pekində keçirilib.
Bu ilki sammitin mövzusu “Ortaq rifah naminə Asiya-Sakit okean regionunda ortaq gələcək icmasının qurulması”dır.
Baş direktorlar sammitində “Fortune Global 500” siyahısına daxil olan 115 şirkətin nümayəndələrinin iştirakı gözlənilir. Biznes, hökumət və media sahələrindən 2 000-dən çox iştirakçı tədbirə qatılır.
Müzakirələrdə süni intellekt, təmiz enerji, təchizat zəncirləri və azad ticarətlə yanaşı, Yaxın Şərqdəki münaqişələrin iqtisadi nəticələri, xüsusilə enerji təhlükəsizliyinə, inflyasiyaya və qlobal ticarətə təsiri nəzərdən keçiriləcək.
Si, Tramp və Putinin görüşü diqqət mərkəzindədir
Ən çox diqqət gözlənilən tədbir Çin Xarici İşlər Nazirliyinin təsdiqlədiyi Si Cinpin, Donald Tramp və Vladimir Putinin cümə axşamı baş tutacaq görüşüdür.
Pekin görüşü qlobal sülh və sabitlik baxımından əlamətdar hadisə kimi təqdim edib. Bununla belə, müzakirələrin gündəliyi açıqlanmayıb.
Tramp Ukraynadakı müharibənin müzakirə oluna biləcəyinə işarə edib, həmçinin Şimali Koreya lideri Kim Çen Inla görüşmək ehtimalını gündəmə gətirib.
Analitiklər böyük irəliləyişlərlə bağlı gözləntilərin təvazökar saxlanılmasını tövsiyə edirlər. Liderlər bunun əvəzinə dənizdə əlaqə kanallarının qorunması və nüvə müharibəsinin heç vaxt aparılmamalı olduğu barədə ümumi prinsiplərə diqqət yetirə bilərlər.
Digər diplomatik müzakirələrin də diqqət çəkməsi gözlənilir. Çinlə ABŞ arasında nadir torpaq elementlərinin tədarükü, süni intellekt və gömrük tarifləri ilə bağlı gərginlik gündəmdə olacaq. Yaponiya baş naziri Sanae Takaiçinin də Tokio ilə Pekin arasındakı münasibətlərin gərgin olduğu bir vaxtda sammitə qatılması gözlənilir.
Şençjen yüksək səviyyəli toplantıya hazırlıq üçün aylardır tədbirlər görür. Quanqdon əyalətinin müxtəlif bölgələrindən polis qüvvələri şəhərə cəlb edilib, dron uçuşları məhdudlaşdırılıb, müvəqqəti yol hərəkəti və təhlükəsizlik tədbirləri tətbiq olunub.
Pekin üçün sammit regional əməkdaşlıq və diplomatiya yanaşmasını nümayiş etdirmək imkanıdır. Dünyanın üç ən böyük nüvə dövlətinin liderləri ilk dəfə eyni şəhərdə bir araya gələcəklər.