ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı erməni mənbələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Vurğulanıb ki, bəzi erməni mənbələrinin yaydığı dezinformasiyalarda Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə diasporun təşəbbüsü ilə qaldırılan Azərbaycan bayrağının guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi bildirilir.
Lakin bayrağın endirilməsi barədə yayılan məlumatlarda bu məsələ ilə əlaqədar dırnaqarası qərarın kim tərəfindən və hansı hüquqi əsasla verildiyinə dair heç bir mötəbər sübuta rast gəlinmir.
Qeyd edilməlidir ki, bayrağın qaldırılması və həmin yerdə dalğalanması prosesi adətən bir həftə çəkir. Azərbaycan bayrağı da qaydalara uyğun olaraq yeddi gün ərzində qaldırıldığı məkanda dalğalanıb. Öz uğursuzluqlarını hay-küy və dezinformasiya ilə pərdələməyə çalışan erməni təşkilatları və erməni diasporu bu prosesə təsir imkanına malik deyil və ola da bilməz.
Bildirilib ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfər təkcə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması, dünya ictimaiyyətinin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu prosesdə ABŞ-də yaşayan soydaşların fəaliyyəti xüsusi diqqətə layiqdir. ABŞ-dəki Azərbaycan icmasının üzvləri hər il 8 Noyabr – Zəfər Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə müxtəlif ştatlardakı inzibati-ictimai mərkəzlərin önündə Azərbaycan bayrağının qaldırılması mərasimlərini təşkil edirlər.
Bununla yanaşı, hər il "Times Square" meydanındakı çoxmərtəbəli binaların üzərində iri LED ekranlarda ölkənin tarixi qələbəsi ilə bağlı videoçarxlar və posterlər yerləşdirilir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın ziyarət etdiyi bu məkanlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mühüm rəmzi və siyasi məna daşıyır.
Artıq bütün cəbhələrdə məğlub olmuş erməni diasporunun hər il təkidlə bu prosesə qarşı çıxmasına baxmayaraq, ABŞ-də kifayət qədər güclənən Azərbaycan diasporu bu il də bayraqqaldırma mərasimlərini uğurla həyata keçirib.
Təbliğat fiaskosunu ört-basdır etməyə çalışan erməni diasporu nümayəndələrinin yaydıqları əsassız və həqiqəti əks etdirməyən məlumatlarda ABŞ-nin dövlət rəsmilərinin adları da hallandırılır. Dövlət rəsmilərinin adından manipulyasiya vasitəsi kimi istifadə edilməsi, onların mövqeyinin təhrif olunması və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi ciddi hüquqi məsuliyyət yaradır.
ABŞ-də fəaliyyəti ilə bağlı suallar doğuran, real nəticələr ortaya qoya bilməyən, heç bir nüfuza malik olmayan erməni diasporunun Azərbaycan bayrağının nümayişi ətrafında süni qalmaqal yaratmaq cəhdləri təsadüfi deyil. Bu cəhdlər, daha dəqiq ifadə etsək, erməni diasporunun dezinformasiya və manipulyasiya ilə müşayiət olunan siyasi isteriyası uğursuz təbliğat fəaliyyətinə bəraət qazandırmaq, xərclənən maliyyə vəsaitlərinin guya səmərəli istifadə edildiyi görüntüsü yaratmaq və gələcək maliyyə dəstəyini qoruyub saxlamaq məqsədi daşıyır.
Sonda cəmiyyətə dezinformasiyalara inanmamaq, media mənsublarına isə xaricdəki Azərbaycan icmalarının uğurları ilə bağlı erməni mənbələrinin yaydığı yalan məlumatlara münasibətdə diqqətli olmaq tövsiyə olunur.