Azərbaycan güləşçiləri noyabrın 25-dən dekabrın 1-dək Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Bu barədə prosport.az məlumat yayıb.
Yarış eşitmə qüsurlu güləşçilər arasında böyüklər, gənclər və yeniyetmələr üzrə keçiriləcək. Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvü olduğundan, ölkə idmançıları çempionata qatılmaq hüququ qazanıblar. Azərbaycanın iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb.
Yarışın məkanı və proqramı
Avropa çempionatı böyüklər arasında səkkizinci, gənclər və yeniyetmələr arasında beşinci dəfə təşkil olunacaq. Qadınlar arasında isə bu, ilk qitə birinciliyi olacaq. Yarışın keçiriləcəyi məkan barədə fərqli məlumatlar var: Ermənistanın paytaxtı İrəvan, ölkənin üçüncü böyük şəhəri Vanadzor və ya kurort şəhərciyi Tsaxkadzor göstərilir.
İyulun 27-dən avqustun 2-dək Bakıda keçirilən U-17 dünya çempionatında Ermənistanın 16 güləşçisi iştirak etmişdi: altısı sərbəst, 10-u yunan-Roma güləşində. Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) bürünc medal qazanmışdı.
Digər yarışlar
Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri ötən ayın 19-da səhiyyə naziri təyin olunan Anar Bayramovdur. Komitə prezidentinin funksiyasını Əli Qurbanlı icra edir.
EDSO noyabrın 11-12-də Bakıda cüdo üzrə Avropa çempionatı da təşkil edib. Yarışda Avropanın 12 ölkəsindən 77 cüdoçu iştirak edib. Ölkələr arasında münasibətlərin düzəlməsi fonunda Azərbaycanın karate üzrə yeniyetmələr, gənclər və U-21 komandalarının fevralın 5-7-də İrəvanda keçiriləcək Avropa çempionatına qatılması da gözlənilir.