Bakıda avtomobil gətirmək vədi ilə vətəndaşın 261 130 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs polis tərəfindən saxlanılaraq həbs edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü M.M.-ni aldadan Ülvi Cəlilzadə öz adına "Avtolayn" adlı şirkət təsis edərək ona xarici ölkələrdən - ABŞ və ərəb ölkələrindən sərfəli qiymətə "Range Rover" və digər markalı avtomobillər gətirəcəyini vəd edib.
Tərəflər arasında bu ilin iyun-iyul aylarında əldə olunan razılaşmaya əsasən, zərərçəkmiş şəxs ümumilikdə 261 130 manat vəsaiti bank vasitəsilə xarici ölkədəki hesaba köçürüb.
Lakin vəd edilən avtomobillər gətirilməyib. Ü.Cəlilzadə hər dəfə avtomobillərin artıq alındığını, yolda olduğunu və sənədləşmə işlərinin aparıldığını bildirərək zərərçəkmişi gözləməyə məcbur edib.
Müəyyən olunub ki, əslində avtomobillərin alınması və gətirilməsi istiqamətində heç bir iş görülməyib. Şəxs tərəfindən zərərçəkmişə təqdim edilən məlumat və sübutların da saxta olduğu üzə çıxıb.
Aldadıldığını anlayan vətəndaşın müraciəti əsasında polis tərəfindən cinayət işi başlanılıb. Həyata keçirilən tədbirlərlə Ü.Cəlilzadə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir (oxu.az)