İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Fransa, Belçika və İtaliyaya səfərlərlə bağlı rəsmi xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran XİN-in rəsmi yazılı bəyanatında vətəndaşlardan xüsusi zərurət yaranmadıqsa sözügedən Avropa ölkələrinə səfər etməkdən çəkinmək tələb olunub.
Xarici siyasi idarənin açıqlamasında səfərdən çəkinməyə əsas səbəb kimi Avropa şəhərlərində “ictimai asayişin kütləvi şəkildə pozulması və vətəndaş təhlükəsizliyinin təmin olunmaması” göstərilib.
Eyni zamanda, hazırda Fransa, Belçika və İtaliyada müvəqqəti və ya daimi yaşayan İran vətəndaşlarına kütləvi etirazların, iğtişaşların və gərginliyin yüksək olduğu ictimai ərazilərdən, meydanlardan uzaq durmaq tövsiyə edilib.
Xatırladaq ki, hazırda Avropa İttifaqının bir çox aparıcı dövlətlərində yaşayış xərclərinin kəskin artmasına, dərinləşən mənzil böhranına, inflyasiyaya və təhsil sistemindəki struktur problemlərinə qarşı genişmiqyaslı sosial etiraz aksiyaları və tətillər keçirilir.