Qlobal Sumud Donanması tərəfindən İsrailin saxladığı türk aktivistlərlə bağlı açıqlama verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, donanmaya hücum edildikdən sonra 175 aktivist geri göndərilmə prosesi üçün Yunanıstanın Krit adasına aparılıb.
Aktivistlər arasındakı Türkiyə vətəndaşlarının bu gün saat 17:00–18:00 aralığında İstanbul Hava Limanında olması gözlənilir.
Qeyd olunub ki, İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud Donanmasının 2026 Bahar Missiyası 12 aprel tarixində İspaniyanın Barselona şəhərindən Aralıq dənizinə yola düşüb.
İtaliyanın Siciliya adasında qoşulanlarla birlikdə donanma 26 aprel tarixində yenidən yola çıxıb və 29 aprel gecə saatlarında Krit adası yaxınlığındakı beynəlxalq sularda İsrail ordusu qanunsuz müdaxilə edərək aktivistləri daşıyan qayıqlara hücum edib.
Donanma rəsmilərinin verdiyi məlumata görə, qayıqlarda 39 fərqli ölkədən, o cümlədən türklər də daxil olmaqla, 345 iştirakçı olub.
Qəzzaya 600 dəniz mili məsafədə, Yunanıstanın ərazi sularından bir neçə mil kənarda baş verən hücum zamanı mülki şəxslərin taleyi ilə bağlı dəqiq məlumat əldə edilə bilməyib, 180 nəfərin isə İsrail tərəfindən saxlanıldığı bildirilib.
Qlobal Sumud Donanması rəsmiləri qeyd edib ki, İsrail ordusu hücum zamanı 21 qayığı ələ keçirib, xilas olan 31 qayığın isə Yunanıstanın ərazi sularına daxil olduğu bildirilib.