Türkiyənin Adana hava məkanı üzərində yanaraq düşən naməlum cisimlər sosial mediada böyük marağa səbəb olub. Bu gecə saat 03:30-dan etibarən yayılan görüntülər bölgədəki hərəkətliliyi yenidən gündəmə gətirib.
Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə ilə bağlı ilkin təfərrüatları Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış "savunmasanayiST.com" platforması yayıb.
Məlumata görə, bu cisimlər İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin qalıqları ola bilər. Raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edildiyi və atmosferə daxil olarkən yanaraq yerə düşdüyü ehtimal edilir.
Mütəxəssislər hadisə zamanı yerdə hər hansı partlayışın baş vermədiyini xüsusi vurğulayıblar.
Xatırladaq ki, bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-nun HHM sistemləri vasitəsilə havada zərərsizləşdirilmişdi.