ABŞ və İsrail hərbi hava qüvvələrinin xüsusilə İranın qərb bölgələrində intensivləşdirdiyi hücumların quru əməliyyatına hazırlıq xarakteri daşıdığı iddia edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" "News Sky" nəşrinə istinadən xəbər verir ki, bu bombardmanlar kürd bölgələrindəki qüvvələr nisbətini kökündən dəyişə bilər.
Məlumata görə, 28 fevraldan etibarən başlayan hücumlarda əsasən təhlükəsizlik, kəşfiyyat və sərhəd infrastrukturu hədəf alınıb.
Son günlərdə Kirmanşah, Urmiya və İranın kürd bölgələri boyunca polis məntəqələri, sərhəd keçidləri və kəşfiyyat binaları strateji zərbələrə məruz qalıb.
Ekspertlər bu addımları quru əməliyyatı üçün yol açma strategiyası kimi qiymətləndirirlər.
Vurğulanır ki, hücumlar nəticəsində aşağıdakı hədəflər sıradan çıxarılıb:
İran-İraq sərhədindəki polis və sərhəd mühafizə məntəqələri;
"İran İslam İnqilabı Keşikçiləri Korpusu"na (SEPAH) məxsus daxili təhlükəsizlik binaları;
Regional kəşfiyyat mərkəzləri və komanda məntəqələri.
Bu zərbələrin məqsədi rejimin yerel təhlükəsizlik şəbəkəsini zəiflətmək, koordinasiya imkanlarını məhdudlaşdırmaq və mümkün müttəfiq qüvvələrin irəliləməsi üçün plasdarm yaratmaqdır.
"L'orient Today" nəşrinin məlumatına görə isə, hücumlar nəticəsində yüzlərlə təhlükəsizlik əməkdaşı həlak olub, infrastruktur ciddi ziyan görüb.
Eyni zamanda, "İran İslam İnqilabı Keşikçiləri Korpusu" da cavab tədbirləri çərçivəsində İraq sərhədi boyunca kürd qruplaşmalarının mövqelərini pilotsuz uçuş aparatları ilə intensiv atəşə tutur. Bu gərginlik bölgədə daha genişmiqyaslı hərbi münaqişənin anonsu kimi qəbul edilir.