İran Xəzər dənizində baş verən insidentlə bağlı Ukraynaya qarşı sərt xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran rəsmilərinin məlumatına görə, şənbə günü baş verən hücum nəticəsində bir iranlı dənizçi həlak olub.
Bildirilib ki, Tehran hücuma məruz qalan gəminin tamamilə mülki yük daşıdığını və hərbi təyinatının olmadığını açıqlayıb. İranın Rusiyadakı səfiri Kazem Cəlali hadisəni “cinayət aktı” adlandıraraq, gəminin Rusiyanın ərazi sularında olduğu vaxt vurulduğunu qeyd edib.
Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar hücumun beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə zidd olduğunu bəyan ediblər. İranın xarici işlər naziri Seyid Abbas Araqçı Avropa İttifaqı və Rusiya rəsmiləri ilə keçirdiyi danışıqlarda insidentin cavabsız qalmayacağını bildirib.
Bildirilib ki, İranın Polşadakı səfirliyi də Ukrayna rəhbərliyinə rəsmi xəbərdarlıq göndərərək, Kiyevi Avropanı və NATO-nu İranla hərbi qarşıdurmaya cəlb etməkdə ittiham edib.
Qeyd olunub ki, hadisəyə münasibət bildirən Türkmənistan Xarici İşlər Nazirliyi də insidenti qəbuledilməz adlandırıb. Rəsmi Aşqabad Xəzər dənizinin “sülh, harmoniya və mehriban qonşuluq dənizi” olaraq qalmalı olduğunu vurğulayaraq, bu cür hərbi xarakterli müdaxilələrin regionun təhlükəsizliyinə təhdid yaratdığını bildirib.