İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədri Sanita Pavlyute-Deslandesə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə müraciət edərək ABŞ Dövlət Departamentinin İranın dinc nüvə proqramı ilə bağlı məlumat verənlərə 20 milyon dollaradək mükafat vəd etməsini açıq və qeyd-şərtsiz pisləməyə çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Əraqçi ötən gün ünvanladığı məktublarda bu təşəbbüsün ciddi narahatlıq doğurduğunu bildirib.
Nazirin sözlərinə görə, ABŞ Dövlət Departamentinin "Ədalət naminə mükafatlar" proqramı çərçivəsində noyabrın 6-7-də yayımlanan və daha sonra ABŞ Mərkəzi Komandanlığı tərəfindən yenidən paylaşılmış bəyanat Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olan İranın nüvə proqramının təhlükəsizliyi və bütövlüyü ilə bağlı ciddi suallar yaradır.
Əraqçi qeyd edib ki, müstəqil dövlətin nüvə obyektləri, avadanlıqları və əməkdaşları haqqında məxfi məlumatların açıq şəkildə əldə edilməsinə çağırış, xüsusilə həmin obyektlərin MAQATE-nin təminatları altında olduğu nəzərə alınarsa, agentliyin təminat sisteminin etibarlılığı, qərəzsizliyi və obyektivliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olur.
İranın xarici işlər naziri BMT rəhbərliyini və Təhlükəsizlik Şurasını ABŞ-nin bu bəyanatının beynəlxalq sülh və təhlükəsizlik üçün yarada biləcəyi ciddi nəticələrə beynəlxalq ictimaiyyətin diqqətini dərhal cəlb etməyə çağırıb.
O həmçinin ABŞ-nin addımlarının İranın nüvə obyektlərinin, avadanlıqlarının və müvafiq personalın təhlükəsizliyinə yaratdığı təhdidlərin aradan qaldırılmasını, Vaşinqtonun davam edən qanunsuz fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunmasını tələb edib.
Əraqçi MAQATE-nin baş direktorundan isə agentliyin təhlükəsizliklə bağlı fəaliyyətində məxfiliyin, qərəzsizliyin və institusional müstəqilliyin qorunmasının vacibliyini təsdiqləməyi xahiş edib. O həmçinin nüvə obyektlərinin mühafizəsinə dair məlumat və biliklərin açıqlanmaması, eləcə də təyinatı üzrə olmayan məqsədlərlə istifadə edilməməsi üçün zəruri tədbirlərin görülməsinə çağırıb.