Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
"Mən deyərdim ki, o, qlobal səviyyəli əsas beynəlxalq forumlarla bir sırada dayanır. Burada böyük təcrübəyə malik iştirakçılar - prezidentlər, baş nazirlər, parlament sədirləri, tanınmış ictimai xadimlər, diplomatlar, biznes icmasının, vətəndaş cəmiyyətinin və həyatımızın müxtəlif sahələrinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də insanların həyatını necə daha yaxşı, daha təhlükəsiz və daha qorunaqlı etmək üçün ideyalar hazırlamaq məqsədilə bir araya gəlirlər".
Dövlət başçısı əlavə edib ki, bu il forumun gündəliyi çox genişdir və çoxsaylı məsələləri əhatə edir.
"Lakin əminəm ki, müzakirələr zamanı əsas diqqət regionumuzda və dünyada cari vəziyyətə yönəldiləcək. İndi həmişəkindən daha çox aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır. Bu olmadan qalan hər şey mənasını itirir. Uzun illər və onilliklər ərzində öz inkişafına investisiya yatırmış ölkələr bu gün risklərlə üzləşir. Buna görə də təhlükəsizlik və sabitlik səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır", - Prezident İlham Əliyev qeyd edib.