“Suindon”un baş məşqçisi İan Hollouey “Mançester Siti”nin maliyyə qaydalarını pozmasına görə klubun sahiblərinin bütün var-dövlətini itirməli və hər şeyə yenidən başlamalı olduğunu bildirib.
Hollouey 2010/2011 mövsümündə “Blekpul”a rəhbərlik etdiyi vaxt “Mançester Siti”yə uduzduqlarını xatırladıb. O, komandasının rəqibdən zəif olduğunu, lakin “Mançester Siti”nin qaydaları pozmasına göz yumulduğunu düşündüyünü deyib. Məşqçi Pep Qvardiolanın bundan xəbərdar olduğuna inanmadığını, məsuliyyətin klubun ən yüksək rəhbərliyində olan şəxslərin üzərinə düşdüyünü vurğulayıb.
“Bu, biabırçılıqdır və onlar hələ də bunu etiraf etmirlər. Ölkəmizin bir parçası olan futbolu necə məhv edə bilərlər? Əsas məsələ komanda və onun ədalətli mübarizədə rəqiblərindən güclü ola biləcəyinə inamdır. Onlar bunu dağıdıblar”, – deyə Holloueyin sözlərini “Match of the Day” yayıb.
Ötən ay müstəqil komissiya “Mançester Siti”ni doqquz mövsüm ərzində maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən bütün ittihamlar üzrə təqsirli bilib.